TƏLƏBƏ EVİ

Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanası 1977-ci ildə istifadəyə verilmişdir. Keçən dövr ərzində yataqxanada yalnız bir dəfə, 1997-ci ildə kiçik təmir işləri aparılmışdır.  Tələbə Evi əsaslı şəkildə yenidən qurulmuş, təmir edilmiş, əlavə korpus da tikilməklə 28 fevral 2011-ci ildə istifadəyə verilmişdir.

Tələbə evinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məcilisinin Sədri Vasif Talıbov iştirak və çıxış etmişdir.

Tələbə Evi 2 korpus şəklində olmaqla 462 nəfər tələbə üçün nəzərdə tutulmuşdur. 200 yer qızlar, 262 yer oğlanlar üçündür.  Otaqlar 2 və ya 3 nəfərlikdir.

Tələbə Evində Türkiyədən, İrandan, Misirdən, Cənubi Koreyadan, Nigeriyadan, Banqladeşdən və sair ölkələrdən gəlmiş 40-dan artıq əcnəbi tələbə də yaşayır.

Tələbə Evinin  zirzəmisində həm qızlar, həm də oğlanlar üçün ayrı-ayrılıqda tennis,  şahmat, hamam və vahid camaşırxana  yaradılmış, anbar, gözətçi xidməti, çilingər, məişət xidməti və s.  kimi otaqlar hazırlanmışdır. Birinci mərtəbədə oğlanlara və qızlara aid bölmələrdə dərsə hazırlıq üçün elektron lövhə otağı və televizor – istirahət otaqları nəzərdə tutulmuşdur. Tələbə Evinin qızdırılması üçün müasir tələblərə uyğun qazanxana quraşdırılmışdır. Hər mərtəbədə oğlanlar və qızlar üçün mətbəx vardır.

Tələbə Evinin oğlanlar yaşayan birinci mərtəbəsində dərsə hazırlıq və istirahət otaqları ilə yanaşı, tibb məntəqəsi, komendant, mühasibat, təsərrüfat müdiri, yataqxana özünüidarəetmə komissiyası, tələbə şurası üçün də otaqlar ayrılmışdır.  Tələbə Evinin su təchizatı üçün onun arxa hissəsində 100 tonluq su çəni və elektrik enerjisi ilə təmin olunması üçün transformator qoyulmuşdur.

Otaqlarda ən müasir tipli yataq mebelləri, şkaflar və hər bir tələbə üçün kompüter stolları quraşdırılıb. Tələbə Evinə istilik, qaz, işıq, telefon və internet (Wi-Fi) xətləri çəkilmişdir.

Tələbə Evinin ətrafında tələbələrin istirahəti üçün yaşıllıq zolağı və asudə vaxtlarının səmərəli keçirmələri üçün istirahət yerləri yaradılmışdır.

QONAQ EVİ

Naxçıvan Dövlət Universitetinin yeni qonaq evi 2011-ci ildə istifadəyə verilmişdir.

Qonaq evində iki lyuks otaq, 7 iki nəfərlik otaq, mətbəx və qəbul otağı vardır. Otaqlarda yüksək səviyyəli mebel və yataq dəstləri qoyulmuş, hər bir otaqda televizor, simsiz internet və soyuducu vardır. Müasir tipli duş kabinələri də quraşdırılmışdır.

Naxçıvan Dövlət Universitetinin Qonaq evinə telefon, həmçinin internet xətti çəkilmişdir.

Açılış mərasimi

SOSİAL XİDMƏT MƏRKƏZİ

Universitetin Tələbə Evinin yanında 3 mərtəbədən ibarət dünya standartlarına cavab verən Tələbə Sosial Xidmət Mərkəzi də tikilərək 2011-ci il fevralın 28-də müəllimlərin və tələbələrin istifadəsinə verilmişdir.

Sosial xidmət mərkəzində yeməkxana, çay, kafe, kitab və sərgi salonu, iki mağaza – ərzaq və geyim mağazaları, poçt, foto, qadın və kişi gözəllik salonları, əczaxana, VİP salonu, müəllimlər üçün yemək otağı və s. müəllim və tələbələrə xidmət göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məcilisinin Sədri Vasif  Talıbov Tələbə Sosial Xidmət Mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Açılış mərasimi

XƏSTƏXANA

Naxçıvan Dövlət Universitetində 1999-cu ildən tibb ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Xəstəxana 2001-ci ildən  Universitetin Tibb fakültəsinin tərkibində  fəaliyyət göstərmiş, daha sonra 2015-ci il tarixdən Naxçıvan Dövlət Universitetinin yeni xəstəxanası fəaliyyətə başlamışdır.
Xəstəxanada üç şöbə vardır: pediatriya, terapiya və cərrahiyyə. 3 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində cərrahiyyə bloku yerləşir. 2 reanimasiya palatası, rentgen otağı, klinik laboratoriya, aptek və müayinə otağı var. Xəstəxanada eyni zamanda ultrasəs, elektrokardioqrafiya, tibb bacısı və həkim kabinələri var. 2 reanimasiya, 2-si  pediatrik olmaqla 9 çarpayı var.  Xəstəxanada diş, göz həkimi,  stomatoloji və əczaçılıq laboratoriytaları, fizioterapiya şöbəsi, sterilizasiya otağı,  3 auditoriya, oftalmoloji kabinə var.