UNİVERSİTET HAQQINDA

UNİVERSİTETİN İNKİŞAF YOLU

Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialına 1967-ci ildə 3   ixtisas üzrə 102 nəfər tələbə qəbul olunmuşdur. Naxçıvan filialında birinci il cəmi 3 nəfər ştatda olan müəllim çalışırdı.

1972-ci ildə ADPİ-nin Naxçıvan filialının bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmışdır. Azərbaycan SSR Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Dövlət Universitetinə  çevrilmişdir.

Müxtəlif illərdə Naxçıvan Dövlət Universitetinə tarix elmləri namizədi, dosent Əli Əliyev (1904-1997), coğrafiya elmləri namizədi, dosent Səfərəli Babayev (1923-2003), texnika elmləri doktoru, professor İsrafil Məmmədov (1924-1995), tarix elmləri doktoru, professor İsak Məmmədov (1925-2011), kimya elmləri doktoru, professor Qasım Hüseynov (1940), AMEA-nın həqiqi üzvü, akademik İsa Həbibbəyli (1949), AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov(2013-2019)rəhbərlik etmişlər. Hazırda Tarix üzrə fəlsəfə doktoru Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektorudur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müxtəlif vaxtlarda (1974, 1992 və 1999-cu illərdə) 4 dəfə Naxçıvan Dövlət Universitetində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasının və Konservatoriyasının açılışında iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov universitetin inkişafına daim böyük qayğı göstərir.

 

Bütün bunlar deməyə əsas verir ki, Naxçıvan Dövlət Universiteti uğurlu tarixi inkişaf yolu keçib. 1967-ci ildə 3 ixtisas və 103 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 6 minə yaxın tələbə təhsil alır. Bu gün Naxçıvan Dövlət Universitetində 60 ixtisas üzrə bakalavr, 42 ixtisas üzrə magistr, 15 ixtisas üzrə rezident, 11 ixtisas üzrə əlavə təhsil, 10 ixtisas üzrə doktorant, 32 ixtisas üzrə dissertant hazırlığı aparılır. 4 ixtisas üzrə distant təhsil həyata keçirilir. Universitetdə dissertasiya şurasının, həmçinin birləşmiş dissertasiya şurasının fəaliyyət göstərməsi də fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə tədqiqatçı alimlərin yetişməsində əhəmiyyətli rol oynayır. Əgər 1996-cı ildə Naxçıvan Dövlət Universiteti ölkəmizdə 37 universitet arasında 36-cı yerdə idisə, 2016-2017-ci tədris ilində yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb.

2014-cü ildə Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının (AKTAM) Azərbaycan  Respublikası Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirdiyi “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində Naxçivan Dövlət Universiteti 799 balla Azərbaycan Ali Təhsil Müəssisələri içərisində Birinci Yerə layiq görülmüşdür.

 

 

Tədris prosesini Avropa standartları və Azərbaycan təhsil qanunvericiliyinə uyğun quran universitetdə  2015-2016-cı tədris ili daha yaddaqalan olmuşdur.  Cənubi Koreyanın KOICA təşkilatı ilə birlikdə Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrakstrunun yaradılması” layihəsinin açılış mərasiminin keçirilməsi və Elektron Universitetin fəaliyyətə başlaması Azərbaycan ali təhsil məkanında büdcəsinə  və layihəsinin genişliyinə görə ən irihəcmli və əhəmiyyətli layihələrdən biri kimi tarixə düşmüşdür. Elektron təhsil, Onlayn Sənəd dövriyyəsi, Akademik İdarəetmə və s. kimi təhsilinin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet nəinki təhsilin elektron vasitələrlə həyata keçirilməsini, eyni zamanda elektron imtahanları da əhatə edir.

 

Naxçıvan Dövlət Universitetinin kitabxanası ölkədə ayrıca korpusda yerləşən yeganə ali məktəb kitabxanasıdır. 200 minə yaxın kitabxana fondu olan kitabxanada “PROLİB” avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə sistemi vasitəsilə  bu günədək 3500 adda 30.000 sayda kitabın elektron kataloqu yazılmış, 5000-dən artıq kitabın isə tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilmişdir.

 

Yeni nəsil gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün Naxçıvan Dövlət Universitetində yaradılmış Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə turizm assosiasiyası, Tələbə informasiya mərkəzi, Tələbə teatr və opera studiyaları, xor, vokal və rəqs qrupları, İdman klubu səmərəli fəaliyyət göstərir. Ali təhsil ocağının tələbə təşkilatları universitetdə tələbələrin yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, dünyagörüşünün, təşkilatçılıq qabiliyyətlərinin daha da inkişaf etdirmələrinə, asudə vaxtlarının səmərəli təşkilinə geniş imkan yaradır.

Naxçıvan Dövlət Universitetinin SİFE komandası Azərbaycan çempionu kimi ABŞ-ın Los-Angeles şəhərində və Malayziyada dünya birinciliyində iştirak etmişdir. Bundan başqa, universitetin hazırladığı «Arşın mal alan» operettası Rusiyanın Novosibirsk şəhərində, Türkiyə Cümhuriyyətinin Ərzurum, Samsun, Qars, Ərdəhan, Qara Dəniz Texniki Universitetlərində, Gürcüstan Respublikasının Axaltsixi Universitetində uğurla nümayiş etdirilmişdir. Ali təhsil ocağının futbol komandası ölkəmizin ali məktəblərinin birinciliyində çempionluq qazanaraq Azərbaycanı Ukraynada və Polşada təmsil etmişdir.

Beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsində, elm və təhsil sahəsində qazandığı nailiyyətlərə görə Naxçıvan Dövlət Universiteti 2009-cu ildə Avropa Rektorlar Klubu tərəfindən «Minilliyin Universiteti» adına layiq görülmüşdür.

 

Naxçıvan Dövlət Universiteti Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək yolu Universitet Rektorları Cəmiyyətinin və Qafqaz Universitetlər Birliyinin üzvüdür. Beynəlxalq təşkilatlarla əlaqələr Naxçıvan Dövlət Universitetində tədris prosesində və elmi-tədqiqat işlərinin təşkilində, habelə idarəetmədə dünya təcrübəsindən yaradıcı şəkildə faydalanmağa imkan yaradır.

 

Son illər beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən tədbirlərin nəticəsidir ki, hazırda universitetin dünyanın 50-dən çox ölkə­sinin 80-dən artıq ali təhsil ocağı ilə faydalı əməkdaşlıq əlaqələri vardır. “Mövlana”, “Tempus”, “Erasmus+”, “Erasmus Mundus”, “Key Action” proqramlarının uğurlu icrası universitetin beynəlxalq arenada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu ali təhsil ocağında tələbə mübadiləsinə də böyük əhəmiyyət verilir. Müasir təhsil infrastrukturunun, möhkəm maddi-texniki bazanın və güclü kadr potensialının yaradılması xarici tələbələrin bu ali təhsil ocağına cəlb olunmasında başlıca amildir. Bu gün Naxçıvan Dövlət Universitetində dünyanın 8 ölkəsindən 442 tələbə təhsil alır. Sevindirici haldır ki, son iki ildə universitetə təhsil almaq üçün müraciət edən əcnəbi tələbələrin sayında artım müşahidə olunur. Belə ki, bu il 330 əcnəbi tələbənin müxtəlif ixtisaslar üzrə hazırlıq kursuna qəbul olunması Naxçıvan Dövlət Universitetinin nüfuzunun dünyada artmaqda olduğunu bir daha təsdiq edir.

2018-ci ildə ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində, həmin ali təhsil ocağının dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirmək məqsədilə distant təhsilin həyata keçirilməsinə başlanıldı. Yanvarın 17-də Distant Təhsil Mərkəzinin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin mərkəzin istifadəyə verilməsini muxtar respublikanın həyatında əlamətdar hadisə kimi qiymətləndirmiş, Distant Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı tövsiyələrini vermişdir.

Bu gün yaradılan şərait nəticəsində tələbələr istənilən ölkədən kompüter, mobil telefon və planşetlər vasitəsilə Naxçıvan Dövlət Universitetinin ndu.edu.az saytına müraciət etməklə Distant Təhsil Mərkəzinə qoşulmaq imkanına malikdirlər. Çoxfunksiyalı distant təhsil proqramında dərslər offlayn və onlayn rejimdə tədris olunur. Keçirilən dərslərin yaxşı mənimsənilməsi üçün elektron kitabxana portalı fəaliyyət göstərir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə təməli qoyulan “Startap Naxçıvan” hərəkatı isə Naxçıvan Dövlət Universitetində də müasir təfəkkürlü peşəkar mütəxəssis hazır­lığına, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasına, yaradıcı düşüncənin inkişafına xidmət edəcək

 

İndiyədək Naxçıvan Dövlət Universitetinin 40 minə yaxın məzunu olmuşdur. Məzunlar arasında yüksək vəzifəli dövlət adamları, deputatlar, ali rütbəli hərbçilər, görkəmli elm xadimləri vardır.

 

Naxçıvan Dövlət Universitetinin 25 illik, 30, 40 və 50 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuşdur.

 

Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasir tipli ali məktəbdir. Dünya birliyində və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan Naxçıvan Dövlət Universiteti daim yeniləşmək və inkişaf etmək istiqamətində tarixi yolunu davam etdirməkdədir.